Hünər məktəbimizin yeni səhifəsi - Hümbətov Azad Arif oğlu

Bu yazıya başlamaq çətin olsa da... 27 oktyabr 2020-ci il. Bu günü çox ağır və qürurverici bir xəbərlə açdıq. Vətən eşqi ilə yanan, onun müdafiəsində şücaət göstərən və öz canından belə keçməyi əsirgəməyən Azadımızın şəhid olması xəbəri böyükdən tutmuş kiçiyə kimi hər kəsi sarsıtdı. Bu həm ağır həm də şərəfli bir missiyanın arxasınca gedən el oğlumuzun son görüşü idi bizimlə. Həmin görüş ki, bizə onunla bağlı bütün xatirələri yada salacaq. Azad uşaqlıqdan öz mərdliyi ilə seçilən gənclərdən idi. Onun xətrini məhlə sakinləri çox istəyərdi. Bu sevgini və hörməti o özü qazanmışdı. Xəmiri mərdliklə yoğrulan bu gəncimiz zaman keçdikcə öz arzularını reallaşdırmağa çalışırdı. Hərb pəşəsinə olan marağı və istəyi onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olmasına gətirib çıxarır. Hərbi liseydə təhsilini aldıqdan sonra bu sahədə biliklərini təkmilləşdirib yeni nailiyyətlər qazanamağa başlayır. Hərbi sahədə göstərdiyi xidmətlərinə görə baş-leytenant rütbəsi ilə təltif olunur. Gənc olmağına baxmayaraq işinin məsuliyyətin dərk edir, hər zaman əsgər və zabit yoldaşlarına öz mənəvi dəstəyini əsirgəmirdi. Söhbət zamanı əsgər yoldaşları onun cəsarətindən, eyni zamanda mehriban və qayğıkeş bir hərbçi olduğundan danışdılar. Azadla bağlı mənim də çox xatirələrim var. Uşaqlıqdan tutmuş bu günə kimi. Həmişə gülərüz olan Azadı sonuncu dəfə şəkildə gördüm. Yenə gülürdü. Elə bil bu gülüşü ilə o bizə «hər şey yaxşıdı, məndən narahat olmayın» deyirdi. Əslində hələ də inanmıram, bunun bir yuxu olduğunu düşünürəm. O müharibə bitəndən sonra qayıdacaq. Öz dostlarını ətrafına yığıb müharibədəki uğurlarımızdan danışacaq. Bizi öz zarafatları ilə yenə güldürəcək. Bəzi insanlar bu dünyanı tərk edərkən bir müddətdən sonra unudulur. Amma əmin edirəm ki, Azad həmişə xatirələrdə və yaddaşlarda qalacaq. O sağdır cismən yanımızda olmasa belə onu hər yerdə görəcəyik. Öz həyətimizdən tutmuş azad olunmuş torpaqlarımıza kimi hər yerdə Azadı görəcəyik.
Torpaqlarımız müzəffər ordumuzun gücü ilə azadlığına qovuşacaq. Bu yolda Azadın da öz imzası var. Ona görə deyiblər: «Şəhidlər ölməzlərdilər». Məhz Vətən bu cür oğullara görə müqəddəs sayılır. Allah sənə rəhmət eləsin nur üzlü qardaşım.

Kamranскачать dle 12.1

Tarix:28-10-2020, 22:15
Oxunub:1 745


Xəbər lenti