Şəhidlər ölməz, Vətən bölünməz!
VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ
16-01-2023, 10:29
14

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ

 Tarixi ədalət zəfər çaldı
   Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi. Minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı. Dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına endirilən sarsıdıcı zərbəyə çevrildi. Qələbəyə doğru inamla irəliləyən mərd, qorxmaz əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə düşməndən təmizlədi. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Üçrəngli şanlı bayrağımız yenidən doğma torpaqlarımızda ucaldıldı. 8 noyabrda Qarabağın tacı sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edildi. Bu gün Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. 2 gün sonra - 10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Bəli, o gün 30 illik Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı... Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi.
              Ordumuzun düşmənə endirdiyi "dəmir yumruq”
   Vətən müharibəmiz şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz qəribçilikdən qurtularaq doğma el-obalarına qovuşdular. Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. "Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər. Dekabrın 10-da isə Azərbaycan xalqı bu igidlərimizin müəyyən hissəsini böyük fəxr, qürur, minnətdarlıq duyğusu ilə seyr etdi. Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradında Azərbaycan xalqı ordusu ilə qürur hissi keçirdi.
              Zəfər paradı Azərbaycanın gücünü bütün dünyaya göstərdi
Bakıda 3 mindən çox şəxsi heyətin və 150-dək hərbi texnikanın, o cümlədən müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin iştirakı ilə Zəfər paradı Vətənimizin azadlığı uğrunda apardığımız müharibədə qazanılan qələbənin, Azərbaycan Ordusunun hərbi qüdrətinin növbəti təntənəsi oldu. Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. 10 dekabr paradı müzəffər Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu, Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Azərbaycan Ordusu Zəfər paradında hərbi gücünü nümayiş etdirərək beynəlxalq aləmə də mesajını çatdırdı - ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək qüdrətli Ordumuz, bu Orduya rəhbərlik edən qətiyyətli sərkərdəmiz var. Azərbaycanın necə güclü dövlət, əzmli xalq olması bir daha dünyaya tanıdıldı.
    Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Düşmənin hədəf aldığı Gəncə şəhərinin, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdiriblər. 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, haqq və ədalətin bərpası naminə Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan müxtəlif millətlərin və dinlərin təmsilçiləri iştirak ediblər. Qarabağ müharibəsi Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə baxmayaraq həmrəy olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində bizə zəfər sevincini yaşatdı və Azərbaycanın qürur tarixini yazdı. Şanlı zəfər yolunun başlanğıc günü olan 27 Sentyabr Prezi¬dentin sərəncamı ilə Anım Günü kimi tarixə yazıldı. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqları¬mızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtira¬mın ifadəsidir.  Bununla yanaşı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olun¬ması zamanı hərbi əməliyyatlarda iştirak edərək mərdlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş silahlı qüvvələrin hərbi qulluqçu¬ları müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar.
Yeni təsis olunmuş – “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri, habelə “Vətən uğrun¬da”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüş¬çü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunması¬na görə”, “Zəngilanın azad olun-masına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim edilmişdir. Bu, Azərbaycanın yeni hərb tarixinin yaranması demək idi. Lakin bütün təltiflərdən, mükafatlardan da ən uca ad elə şəhid adıdır. Şəhidlik məqamına ucalan ölməz oğullarımız dünya var olduqca sevgi və sayğı ilə xatırlanacaq, yad ediləcək, müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaq.  Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş Salyan rayonundan da 60 nəfər şəhidimiz vardır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

Oxşar xəbərlər